3view.az - http://3view.az
Mərdanov Abbaszadə savaşi: kim haqqlidir
http://3view.az/articles/13107/1/
Dərc olunub 7.01.2012
 

Misir Mərdanov Məleykə Abbaszadənin kitabini bağlatdirir

Təhsil Nazirliyi TQDK-nın dərc etdiyi dərsliyi satışdan yığışdırmaq istəyir

İki təhsil qurumu arasında mübahisə yeni ildə də davam etməkdədir. Bu dəfə Təhsil Nazirliyi əks hücuma keçib. Nazirliyin Elmi Metodik Şurasının “Biologiya” bölməsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) dərsliklərində qüsurların aşkar olunması barədə bəyanat verib. Belə ki, şura TQDK-nın 2011-ci ildə dərc etdirdiyi “Biologiya: ümumi biologiya” adlı vəsaitin etibarsız elan edilməsi və satışının dayandırılması üçün TQDK sədrinə müraciət edib.

Müraciətdə bildirilir ki, TQDK tərəfindən çap olunmuş həmin vəsait Elmi Metodik Şurada müzakirə edilməyib və razılıq alınmadan dərc olunub. Üstəlik, o da aydın olub ki, həmin vəsaitin dərcinə Təhsil Nazirliyi qrif verməyib.

Müraciətdə qeyd edilir ki, dərcindən əvvəl vəsait Təhsil Nazirliyinin mütəxəssisləri tərəfindən yoxlanılarkən çoxlu ciddi elmi səhvləri olduğu üçün dərci məsləhət bilinməsə də, TQDK onu kütləvi tirajla nəşr etdirib. Bölmə mütəxəssisləri həmin vəsaitin dərc edilmiş variantı üzərində də araşdırma apararaq müəyyən edib ki, artıq satışa buraxılmış kitabda yenə də bəzən bir-birinə zidd olan həddən çox elmi səhvlər qalmaqdadır ki, bu da abituriyentlərdə çaşqınlıq yarada bilər. Müraciətdən aydın olur ki, Təhsil Nazirliyi “Biologiya: ümumi biologiya” adlı vəsaitin satışının dayandırılması, satılan nüsxələrin etibarsız hesab edilməsi üçün tədbirlərin görülməsini məqsədəuyğun hesab edir.

TQDK da dərhal komissiya sədrinə edilən müraciətə cavab verib. Qurumun mətbuat katibi Elnur Nağızadə bildirib ki, həmin vəsaitləri çap etmək TQDK-nın hüququdur və onlar satışdan yığışdırılmayacaq: “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bir dövlət orqanıdır. Əsasnaməsinə görə, TQDK qəbul imtahanlarına hazırlaşan gənclərə kömək məqsədilə vəsait dərc etmək hüququna malikdir. Komissiya 2007-ci ildən bu vəsaitləri dərc edir. Qiymətləndirmə ilə məşğul olan təşkilatın ali məktəblərə keçirilən imtahanlara hazırlaşan namizədlərə kömək məqsədilə vəsaitlər dərc etməsi bütün dünyada qəbul edilən normadır. Bu vəsaitlər dərsliyi əvəz etmək məqsədi daşımır. Hər bir gənc təhsil aldığı müddətdə ilk növbədə orta məktəb dərsliklərindən bilik əldə edir. Bu bilikləri qəbul imtahanları ərəfəsində sistemləşdirmək üçün demək olar ki, bütün fənlər üzrə vəsaitlər dərc edilir”.

E.Nağızadə həmçinin qeyd edib ki, komissiyanın nəşri olan “Biologiya” vəsaitinin üzərində “dərs vəsaiti” yox, sadəcə, “vəsait” yazılıb: “Hər il qəbul imtahanlarında yüksək nəticələr göstərən abituriyentlərlə anket sorğuları da aparılır. Son illər keçirilən bu sorğular göstərib ki, komissiya tərəfindən nəşr edilən bu vəsaitlər imtahana hazırlıq prosesində onların stolüstü kitabı olub. Xüsusən də ucqar rayonlarda yaşayan abituriyentlərə bu vəsaitlər orta məktəbdəki biliklərini ümumiləşdirməkdə çox yardımçı olur”.

Qeyd edək ki, nazirliyin Elmi Metodik Şurasının “Biologiya” bölməsi məsələnin araşdırılması üçün Təhsil Nazirliyinə də müraciət ünvanlayıb. Ekspertlər isə bildirirlər ki, şuranın səhv axtarması TQDK-nın ötən ilin sonunda Təhsil Nazirliyinə haqlı hücumunun qarşılığıdır. Belə ki, TQDK sədrinin ölkədə çap edilən orta məktəb dərsliklərində ciddi nöqsanlar olduğunu bildirməsi ciddi ajiotaja səbəb olub. M.Abbaszadə yeni çap olunan biologiya və tarix dərsliklərindəki səhvləri xüsusi olaraq qabardıb. Əslində burada ciddi məsələ abituriyent kütləsinin qəbul imtahanlarından aşağı bal toplaması ilə bağlıdır. TQDK sədri hesab edir ki, bu, sırf dərsliklərdəki nöqsanlarla bağlıdır. (yeni müsavat)

http://www.pia.az/index.php?l=az&m=news&id=15780