TQDK nəşr etdirdiyi “Biologiya” vəsaitinin Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının “Biologiya” bölməsində kəskin tənqid edilməsi ilə bağlı rəsmi mövqeyini açıqlayıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Komissiyanın nəşri olan “Biologiya” vəsaitinin Bakı Dövlət Universitetinin “Biologiya” kafedrasında, Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının “Biologiya” bölməsində müzakirəsinin keçirilməsi ilə bağlı öz rəsmi mövqeyini açıqlayıb.
Qeyd edək ki, vəsaitin müzakirəsi dekabrın 22-də keçirilib, iclasın açıqlaması isə “525-ci qəzet”də dərc edilib. Elmi-Metodiki Şuranın üzvü, Azərbaycan Aqrar Universitetinin biologiya kafedrasının müdiri, professor Zaur Hümbətov kitabın yararsız olduğunu bildirib, orada çoxlu səhv olduğunu və ümumiyyətlə, "kitabın başqa dillərdən qeyri-səlis fikir anlayışı doğuran tərcümələr əsasında” yazıldığını vurğulayıb.
TQDK-nın Orta təhsil üzrə yoxlama-ölçmə materiallarının hazırlanması sektorunun müdiri Afiqə Batıyeva bildirib ki, TQDK respublikanın ali və orta-ixtisas məktəblərinə tələbə qəbulunu müəyyən standartlar əsasında həyata keçirən dövlət qurumudur. Bu işdə standart kimi respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarına və dərsliklərə uyğun olaraq hazırlanmış qəbul proqramları əsas götürülür. Bu məqsədlə hər il Komissiyanın nəzdində fəaliyyət göstərən fənlər üzrə elmi-metodiki seminarlarda tədris proqramları və dərsliklər təhlil edilir, onlardakı dəyişikliklər, yeniliklər araşdırılır. Qəbul imtahanları iki dildə (Azərbaycan və rus dillərində) keçirildiyi üçün dərsliklərin rus dilindəki nəşrləri ilə Azərbaycan dilindəki nəşrləri də tutuşdurulur. Nəticədə fənlər üzrə qəbul proqramlarında və test bankında təkmilləşdirmələr aparılır, yeni test tapşırıqları yazılır və istifadə üçün tövsiyə edilən dərsliklərin siyahısı dəqiqləşdirilir. Mütəmadi olaraq hər il çap olunan yeni dərsliklər araşdırılır, onlardakı elmi-metodiki səhvlər “Abituriyent” jurnalında dərc edilir və aidiyyəti təşkilata göndərilir. Bu qayda üzrə ötən illər fənlər üzrə seminarlarda respublikanın ümumtəhsil məktəblərində qüvvədə olan dərsliklərdə aşkar edilmiş elmi-metodiki səhvlər və onların aradan qaldırılması barədə təkliflər Təhsil Nazirliyinə göndərilib. Bunun nəticəsi olaraq riyaziyyat, fizika, kimya, coğrafiya, tarix, ana dili, xarici dil dərsliklərinin sonrakı nəşrlərində qeyd edilmiş nöqsanların çoxu aradan qaldırılıb.
A. Batıyeva bildirib ki, bu ilin oktyabr və noyabr aylarında “Biologiya” (VII,VIII,IX siniflər üçün) fənnindən yeni nəşr edilmiş dərsliklərin TQDK-nın müvafiq fənn seminarında mütəxəssislərin, Komissiyanın Naxçıvan, Gəncə, Lənkəran, Şəki və Quba regional bölmələrinin nümayəndələrinin və bu regionlarının fənn müəllimlərinin iştirakı ilə aparılan müzakirələri dərsliklərdə olan bir sıra elmi-metodiki səhvləri və rus dilinə tərcümədə xeyli kənara çıxmaları üzə çıxarıb. Bu barədə mütəxəssislərin rəyi 2012-ci ildə “Abituriyent” jurnalının birinci sayında dərc ediləcək: “TQDK-nın Əsasnaməsinə görə, onun əsas funksiyaları sırasına test imtahanlarının məzmunu və mahiyyətinə dair müxtəlif metodiki vəsaitlər və test topluları hazırlamaq və dərc etdirmək də daxildir.
TQDK bunu rəhbər tutaraq imtahana hazırlaşan gənclərə metodiki köməklik məqsədilə fənlər üzrə qəbul proqramlarının məzmun və tələbinə uyğun vəsaitlər (“Kimya”, “Riyaziyyat”, ”Fizika”, ”Tarix”, “Coğrafiya”, “İngilis dili”, “Alman dili”, “Azərbaycan dili”, “Rus dili” ) hazırlayıb nəşr edib. Bu vəsaitlər məktəb dərsliklərindən öyrənilmiş bilikləri tamamlayır, sistemləşdirməyə kömək edir. Biliklərin möhkəmləndirilməsi üçün təkrarlamada əhəmiyyətli rol oynayır. Vəsaitlər qəbul imtahanına hazırlaşanlara, xüsusilə onların öz üzərlərində müstəqil çalışmaqlarına geniş imkanlar yaradır”.
Sektor müdiri deyib ki, TQDK-nın vəsaitləri müvafiq fənlər üzrə respublikanın tanınmış mütəxəssisləri və hətta bəzi fənlərdən məktəb dərsliklərinin müəllifləri tərəfindən hazırlanıb. Məsələn, BDU-nun professoru M. Yaqubov (riyaziyyat), AMEA-nın müxbir üzvü V. Abbasov (kimya), mərhum professor M. Müseyibov (coğrafiya) və başqa məktəb dərsliklərinin müəllifi olmaqla bərabər, həm də TQDK-nın müvafiq fənlər üzrə vəsaitlərinin tərtibinə rəhbərlik ediblər: “Tərtibinə 2000-ci ildən başlanmış və hazıradək davam edən ayrı-ayrı fənlər üzrə vəsaitlərin nəşri başa çatmaq üzrədir. Bu baxımdan “Biologiya” fənnindən dördüncü kitab tamamlanıb nəşr edilib. Bu silsilədən bitkilərə aid 1-ci kitab (“Botanika”) 2010-cu ildə nəşr edilib. Bu vəsaitin əlyazması Təhsil Nazirliyinə göndərilib, 24 dekabr 2009-cu il tarixdə vəsaitə nazirliyin elmi-metodiki şurasının “Biologiya” bölməsinin müsbət rəyi alınıb və Təhsil Nazirliyi tərəfindən 18 fevral 2010-ci il tarixdə vəsaitə qrif verilib. Həmin vaxt vəsaitə elmi-metodiki şura tərəfindən verilmiş rəydə göstərilən qeydlər onun nəşri zamanı nəzərə alınıb.
Bütün bu faktların bəlli olmasına baxmayaraq, Azərbaycan Aqrar Universitetinin professoru Zaur Hümbətovun “Biologiya” vəsaitlərinə verdiyi rəyi yalnız təəccüb hissi doğurur. Çünki Z. Hümbətov vəsaiti qrif verilməzdən əvvəl oxuyub fikrini bildirməli idi. Kitabın nəşrindən bir il keçəndən sonra Z. Hümbətovun belə bir mövqedən çıxış etməsi təəccüblə bərabər təəssüf hissi oyadır”.
A. Batıyeva həmçinin qeyd edib ki, “Zoologiya” və “İnsanın biologiyası” adlı vəsaitlərə də Təhsil Nazirliyinin 17 dekabr 2010-cu il tarixli 1649 saylı əmri ilə qrif verilib. “Ümumi biologiya ” adlı vəsait isə bir il əvvəl Təhsil Nazirliyinə göndərilməsinə baxmayaraq , indiyə qədər nazirliyin elmi-metodiki şurasının “Biologiya” bölməsinin rəsmi rəyi TQDK-ya daxil olmayıb: “Ona görə də TQDK öz Əsasnaməsinin yuxarıda göstərilən bəndini rəhbər tutaraq vəsaiti çap etdirib. Kitabla bağlı bir neçə təcrübəli mütəxəssisin müsbət rəyi var. Rəylərdə göstərilən iradlar, o cümlədən əməkdar müəllim Almaz Həsrətin rəyində göstərilən iradlar da nəzərə alınıb. Çox qəribədir ki, respublikada abituriyent hazırlığı ilə bağlı buraxılan çoxlu sayda yararsız nəşrlərə fikir bildirməyən professor Z Hümbətov nədənsə qəbul imtahanına hazırlaşan gənclərin çoxdan nəşrini gözlədiyi bu vəsaitlərin satışdan yığışdırılmasını təklif edir və bu vəsaitlərin guya kommersiya məqsədilə hazırlandığını bildirir. Professor Z. Hümbətova xatırladırıq ki, TQDK dövlət qurumudur və o, öz Əsasnaməsinə uyğun funksiyaları həyata keçirir. TQDK-da imtahana hazırlaşan gənclərə yalnız çap məmulatları deyil, həm də yeni texnologiyalar tətbiq etməklə iki ildir ki, qəbul proqramlarındakı mövzulara dair video-mühazirələr hazırlanıb və onlar Komissiyanın internet saytında yerləşdirilib. Mühazirələrdə təcrübəli ekspertlərlə bərabər, respublikanın təlim prosesində yüksək göstəriciləri olan qabaqcıl müəllimləri də iştirak edir. Layihə Miili Net respublika internet müsabiqəsində üçüncü dərəcəli diploma layiq görülüb.
TQDK-nın “Biologiya” vəsaitlərinin tərtibçiləri - AMEA-nın Geologiya İnstitutunun şöbə müdiri, H. Zərdabi adına ”Təbiət tarixi müzeyi”nin direktoru Tariyel Eybatov və İ. Əfəndiyev adına “Elitar gimnaziya”nın müəllimi Tural Məmmədxanlı isə bildiriblər ki, bütün alimləri, professorları və müəllimləri tam razı salan dərslik və ya vəsait çap etmək qeyri-mümkündür. Dərslik və vəsaitlərdə olan səhvlər, mübahisəli məsələlər müzakirə olunmalı və lazım olduqda düzəldilməlidir: “İclasda aparılan müzakirənin çox maraqlı bir cəhəti də var. O da bundan ibarətdir ki, il yarım bundan əvvəl on nəfər rəyçinin, o cümlədən dörd professorun rəyi və Təhsil Nazirliyinin razılığı (qrifi) əsasında çap olunan vəsaitin hazırda müzakirəsinə nə səbəb olub? Nə üçün nazirliyin elmi-metodiki şurasının “Biologiya” bölməsi dərsliklərin müzakirəsini bir kənara qoyub, TQDK-nın buraxdığı vəsaiti indi müzakirə edir? Nə üçün məhz TQDK-nın nəşr etdiyi vəsait belə kəskin, özü də qərəzli tənqid hədəfinə çevrilib? Vəsait cəmi 3000 nüsxə Azərbaycan və 1000 nüsxə rus dilində çap olunub. Dərsliklərdən fərqli olaraq, vəsaitin istifadəsi məcburi deyil. Vəsait qəbul imtahanına hazırlaşan hazırlıqlı abituriyentlər və təhsil səviyyəsini artırmaq arzusunda olan təhsil işçiləri üçün nəzərdə tutulub. Vəsaitin bütövlükdə ölkəmizdə təhsil prosesinə yalnız köməyi ola bilər. Bəs onda nə üçün bir çox adamlar işlərini kənara qoyub, vəsaitdə yalnız səhvlər axtarmaqla məşğuldurlar?” Tərtibçilər bildiriblər ki, bütün bu suallara BDU-da keçirilən müzakirədə Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlının iştirak etməsi cavab verib: “Faiq Şahbazlı biologiya fənni üzrə mütəxəssis deyil. Digər tərəfdən, vəsait Təhsil Nazirliyi tərəfindən çap olunmayıb və deməli, Faiq Şahbazlı orada buraxılan səhvlərə görə heç bir məsuliyyət daşımır. Bunun yalnız bir səbəbi ola bilər və bu səbəb TQDK tərəfindən yeni çap olunmuş məktəb dərsliklərinin tənqidinin və bunların dərcinin təşkil olunmasıdır. Deməli, Faiq Şahbazlı bu iclası qərəzli mövqedən təşkil edib. Əsas məqsəd isə ictimaiyyətin fikrini məktəb dərsliklərindəki səhvlərdən yayındırmaq və onu yeni məcraya, yəni TQDK-ya qarşı yönəltməkdir”.
Hər bir tənqidə qarşı açıq olan TQDK-dan fərqli olaraq F.Şahbazlı heç bir tənqidi qəbul etmir və onu "şəxsi təhqir" sayır. Belə bir mövqe nəticəsində meydana "Uzaq məsafədə olan əşyalardan gələn işıq - göz bəbəyini genəldir" (“Biologiya.İnsan” IX siniflər üçün, şək.68) və ya "nəfəs verərkən səs yarığı daralır, ondan keçən hava səs tellərinin titrəməsinə səbəb olur və səs yaranır" (“Biologiya.İnsan” IX siniflər üçün,səh. 59) kimi ifadələrlə dolu olan "dərsliyəbənzər" kitab çıxır. Belə cümlələr nəticəsində şagirddə elə təəssurat yaranır ki, bəbək günəşə baxanda (yerdən 150000000 km) genişlənməli, insan hər nəfəsalma zamanı isə səs çıxarmalıdır. Dərsliklərdə olan belə səhvlərin təhlili “Abiturient” jurnalının növbəti sayında veriləcək.Tərtibçilər vəsaitin başqa dillərdən qeyri-səlis tərcümə əsasında yazıldığı fikri ilə də razılaşmadıqlarını bildiriblər: “Zaur Hümbətov bildirib ki, kitabda "Toxuma elementlərinin izahında “ələkvari” əvəzinə "ələyəbənzər", ksilem əvəzinə "ksilema", floem əvəzinə "floema", parenxim - "parenxima", kollenxim - "kollenxima", "sklerenxima" və s. rus dili leksikonuna aid səhvlər var". Dediyini izah etmək üçün professor bildirir: "Qeyd etmək lazımdır ki, Azərbaycan dilində sözlərin hallanmasında qadın və kişi cinsləri olmadığı üçün rus dilindən transfer edilən terminlərin axırında "a" hərfi Azərbaycan dilində yazılmır...". Bu izahatlarla hörmətli professor özünü əslində Azərbaycan dilinin "bilicisi" kimi yox, latın dilinin "bilməyəni" kimi göstərir. Çünki floema, ksilema və s. terminlər rus dilindən yox, latın dilindən götürülüb və bir çox kitablarda, o cümlədən məktəb dərsliklərində məhz floema və ksilema kimi yazılır. Professorun məntiqini davam etdirsək, mezodermanı "mezoderm", ektodermanı - "ektoderm" və s. kimi yazmalıyıq. Qeyd edək ki, həmin terminlər Təhsil Nazirliyinin çap etdiyi “Botanika “dərsliyində də eyni şəkildə verilib. Zaur Hümbətovun iradlarından biri də vəsaitdə "bitki endokrinologiyası" termininin verilməsidir. Professor bunu "savadsızlıq" adlandırır və qeyd edir ki, bu termin ancaq "bir neçə tədqiqatçı tərəfindən" qəbul olunub. Qeyd edək ki, müəyyən bir terminin işlədilməsi savadsızlıq deyil, müəyyən bir məktəbin dəstəklənməsidir. Savadsızlıq isə yunan "kitos" termininin latın "sitoz" termini kimi şərh etməkdir”.
Professorun daha bir iradı 8-ci səhifənin üçüncü abzası ilə bağlıdır: "Birinci cümlədə bitkilər aləmi üç yarımaləmə, ikinci cümlədə isə iki yarımaləmə ayrılması haqqında fikirlər qeyd edilir. Bəs şagird bunun hansına inansın?" Hörmətli tənqidçi bir qədər diqqətli olsaydı, burada bitki aləminin üç aləmə və bəzən iki "qrup-yarımaləmə" ayrılmasının yazıldığını görərdi”.
Tərtibçilər qeyd ediblər ki, Zaur Hümbətov kitabda İ.V. Miçurinin, A. Fleminqin və Serebryakovun adlarının verilməsi ilə razılaşmır, bunların Azərbaycan alimləri ilə əvəz edilməsini təklif edir: “Bütün dünya bioloqlarına məlumdur ki, Miçurin görkəmli seleksiyaçı olub, onlarla yeni bitki sortu yaradıb. Düzdür, onun elmi dünyagörüşü daha çox Lamarkın təkamül nəzəriyyəsinə əsaslanır, lakin bu nəzəriyyə səhv olsa da, bütün biologiya dərsliklərində verilir. Sual meydana çıxır: nə üçün Lamarkın adı sadalana bilər, Miçurinin isə yox? SSRİ-də genetika elminin geri düşməsinə səbəb Miçurin və ya Lısenko yox, Stalinin dunyagörüşləri idi. Bir də ki, professor Zaur Hümbətova xatırladaq ki, Miçurinin adı həm də Mikailov və başqaları tərəfindən 2010-cu ildə çıxan "Ümumi biologiya” dərsliyində də sadalanır. Penisillini kəşf edən Fleminqin adının professorda nə üçün mənfi emosiyalar doğurması məlum deyil. Bu insan ilk antibiotikləri kəşf etməklə milyarddan çox insanın həyatını xilas edib. Yeri gəlmişkən, professor Z. Hümbətov kitabın ancaq əvvəlini yox, axıra qədər oxusaydı, "Azərbaycan seleksiyaçılarının nailiyyətləri" paraqrafında İ.D. Mustafaev, A.M. Quliyevin, C. Ə. Əliyevin, "heyvan seleksiyası" bölməsində isə Azərbaycanın digər seleksionerlərinin işləri ilə tanış ola bilərdi (səh.337 - R.X.Səttarzadə, A.A.Ağabəyli, F.Ə. Məlikov, T.H.Sadıxov və b.). Professor təkcə bir vəsaiti yox, silsiləyə daxil olan bütün vəsaitləri oxusaydı, "Ümumi biologiya" kitabında bitkilərin ikiqat mayalanmasına ayrıca paraqrafın həsr olunduğunu görərdi. Əlbəttə, professor Zaur Hümbətovun sözlərində müəyyən həqiqət də var. Məsələn, göbələklərin latın adları doğrudan da səhv çap olunub. Biz bunu bilirik və növbəti nəşrlərdə düzəldəcəyik. Professor Zaur Hümbətovun "ortülütoxumlu qovuqlu bitkinin köku olmur" iradı tamamilə doğrudur, bu cümlə rus dilində olan kitabda düzgün verilib. Azərbaycan dilində olan kitabda isə onun səhv verilməsi müəlliflərin gözündən qaçıb, qeyd edək ki, bunlar təkrar nəşrdə düzələcək. Ümumiyyətlə, vəsaitdə buraxılan səhvlərin düzəlişi ilə tanış olmaq istəyənlər “Abituriyent” jurnalının növbəti sayına müraciət edə bilərlər. Tərtibçilər sağlam iradları yalnız alqışlayır, onların müzakirəsinə və düzəlməsinə həmişə hazır olduqlarını bildirirlər. TQDK tərəfindən çap olunan vəsait ilk dəfədir nəşr olunur, oradakı səhvlərə “Abituriyent” jurnalının növbəti sayında düzəliş veriləcək. Onu da qeyd edək ki, biologiya dərsliklərindəki səhvlər 18 il ərzində düzəlmir ki, düzəlmir. Bunu ört-basdır etmək üçün vəsaitə qarşı təqib kompaniyası təşkil olunur, bir sözlə "suç da məndə, güc də məndə" atalar sözünü reallaşdırmağa hər cür səy göstərilir”.
http://www.pia.az/index.php?l=az&m=news&id=15501