Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2011-ci il 23 - 26 noyabr tarixlərində “Bakı Ekspo” sərgi mərkəzində Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təşkil olunan 17-ci Azərbaycan Beynəlxalq “BakuTel-2011” sərgisində iştirak edir. Beynəlxalq Millətlər Təşkilatı və Beynəlxalq Telekommunikasiya İttifaqının dəstəyi ilə keçirilən sərginin əsas məqsədləri yeni yüksək texnoloji məhsullarla tanış olmaq, eyni zamanda sürətlə inkişaf edən informasiya-rabitə texnologiyalarını tətbiq etməkdən ibarətdir. Komissiyanın sərgidə iştirakında məqsəd isə İKT-nın dövlət qulluğuna qəbul prosesində və dövlət qulluğunun idarəedilməsində tətbiqini nümayiş etdirməkdir.
Sərgidə dünyanın 29 ölkəsindən 250-yə yaxın şirkət iştirak edir. Azərbaycan Respublikasından 13 nazirlik də İKT sahəsinə aid layihələrlə sərgidə çıxış edirlər.
Sərgidə “Komissiyanın əsas fəaliyyət istiqamətləri” və “Test imtahanı sistemi” mövzularını əhatə edən 2 videoçarx da nümayiş etdiriləcəkdir.
“Komissiyanın əsas fəaliyyət istiqamətləri” mövzusunu təşkil edən videoçarxda Komissiyanın yaradılması, fəaliyyətində rəhbər tutduğu prinsip və dəyərlər, İKT-nin tətbiqi, dövlət qulluğuna elektron qəbul sistemi (e-qəbul), onlayn sənəd qəbulu sistemi, dövlət qulluğuna qəbul (məlumat toplusu, test proqramları, test bankı, elan, onlayn qeydiyyat, test imtahanı, müsahibə, vəzifəyə təyinat), dövlət qulluğuna qəbulun üsulları (müsabiqə və müsahibə) öz əksini tapır.
“Test imtahanı sistemi” mövzusunu təşkil edən videoçarxda isə namizədlərin hansı kompyuterin arxasında oturmalı olduğundan başlayaraq test imtahanı zalından çıxmasınadək bütün məsələlər incəliyinə kimi qeyd edilir.
“BakuTel-2011” sərgisində təqdim olunan ekspozisiyalar çərçivəsində telekommunikasiyalar, internet, proqram təminatı və peyk rabitəsi kimi bir neçə əsas istiqamətlərlə yanaşı genişzolaqlı rabitə və texnologiyalar, kabel və simsiz rabitə, teleradio yayımı üçün avadanlıq və texnologiyalar, avtomatlaşdırma sistemləri, İT və ofis texnologiyaları, təhlükəsizlik sistemləri və digər avadanlıq və xidmətlər təklif olunması nəzərdə tutulur.
24 noyabr tarixində “Bakı Ekspo” mərkəzinin konfrans zalında baş tutacaq “BakuTel” konfransında innovasiyaların Azəərbaycan bazarında tətbiqi, regionda genişzolaqlı şəbəkələrin inkişafı, “Elektron hökumət” layihəsinin gerçəkləşdirilməsi, infrastruktur və hüquqi baza, internet və sosial şəbəkələrin inkışafı, regional tendensiyalar və İTK sektorunun perspektivləri kimi mövzular müzakirə olunacaqdır.