Oktyabrın 14-də saat 12.00-13.00-da “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi İctimai Birliyi tərəfindən “Hərbçilərin sosial rifahını gücləndirəcək qanunvericilik təkliflərinin hazırlanması” adlı layihənin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
Tədbir zamanı layihə rəhbəri, “Doktrina” JHAM“ sədri Cəsur Sümərinli layihənin məqsəd və vəzifələri, həyata keçirilmə qaydaları, layihə çərçivəsində görülmüş işlər barədə məlumat verib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırılır. Layihənin ümumi büdcəsi 6.000 (altı min) manat idi. Onun sözlərinə görə, layihədə nəzərdə tutulan işlərin Azərbaycanda hərbi qanunvericiliyin sosial rifah tərəflərinin təkmilləşdirilməsinə töhfə verməsi əsas hədəf idi.
Ümumilikdə isə layihənin hədəfində aşağıdakı bir sıra problemlər əksini tapırdı:
Azərbaycanda mövcud olan hərbi qanunvericilk sənədlərində hərbi qulluqçular, onların ailə üzvləri, müharibə veteranları, şəhid ailələri və s. sosial rifahı ilə bağlı məqamların bir sıra hallarda müasir dünya reallığına və eyni zamanda Azərbaycanda son illər kəskin şəkildə artan müdafiə xərclərinə adekvat olmaması;
Azərbaycanda hərbi qanunvericiliyin (sosial rifh məsələlərinin) təkmilləşdirilməsi, Vətəndaş cəmiyyəti tərəfindən alternativ hərbi qanun yaradıcılığı işinin aşağı olması;
Azərbaycanda hərbi qanunvericiliyin (sosial rifh məsələlərinin) təkmilləşdirilməsi işində parlamentin və güc strukturlarının intensiv fəaliyyətinin müşahidə olunmaması;
Hərbi qanunvericiliyin təkmilləşdirilməsi (sosial rifh məsələlərinin) işi ilə bağlı Güc strukturları – Milli Məclis və Vətəndaş cəmiyyəti arasında əməkdaşlıq formatının qurulmaması.
Cəsur Sümərinli bildirdi ki, layihənin məqsədi Azərbaycanda hərbi qanunvericiliyin sosial tərəflərinin təkmilləşdirilməsi işinə vətəndaş cəmiyyətinin yardımını reallaşdırmaq idi. Layihənin əsas vəzifələri isə ölkə əhalisini Azərbaycanda mövcud olan hərbi qanunvericilk sənədlərində hərbi qulluqçular, onların ailə üzvləri, müharibə veteranları, şəhid ailələri və s. sosial rifahı ilə bağlı məqamları barədə məlumatlandırmaq, dünyanın qabaqcıl ölkələrinin bu istiqamətdə əldə etdikləri müsbət təcrübəni ortaya çıxarmaq, ən nəhayət, Azərbaycanda geniş mənada hərbi qulluqçuların sosial rifahına xidmət edəcək qanun layihələrinin hazırlanması prosesinə dəstək verməkdən ibarət idi.
“Doktrina” mərkəzi rəhbərinin sözlərinə görə, layihənin ünvanlandığı əhali qrupu hərbi qulluqçular, onların ailə üzvləri, müharibə veteranları, şəhid ailələri, müdafiə və təhlükəsizlik sektoru üzrə qnun yaradıcılığı prosesinə cəlb olunmuş güc strukturlarının nümayəndələri, Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvləri, hərbi sektor üzrə fəaliyyət göstərən araşdırmaçılar, ekspertlər, hüquqşünaslar, elm adamları, hərbi sektora maraq göstərən jurnalistlər, tələbələr və s. şəxslər idi.
Layihədə nəzərdə tutulan məqsədlərə nail olmaq və vəzifələri yerinə yetirmək üçün aşağıdakı işlər görülüb:
Azərbaycanda mövcud olan hərbi qanunvericilk sənədlərində hərbi qulluqçular, onların ailə üzvləri, müharibə veteranları, şəhid ailələri və s. sosial rifahı ilə bağlı məqamların araşdırılması və onların qabaqcıl dünya təcrübələri ilə müqayisəsi;
Azərbaycanda hərbi qanunvericiliyin (sosial rifh məsələlərinin) təkmilləşdirilməsi istiqamətində vətəndaş cəmiyyətinin rolunun artırılması yollarının axtarılması;
Hərbi qanunvericiliyin təkmilləşdirilməsi (sosial rifh məsələlərinin) işi ilə bağlı Güc strukturları – Milli Məclis - Vətəndaş Cəmiyyəti arasında əməkdaşlıq formatının qurulması istiqamətində təkliflərin öyrənilməsi;
Azərbaycanda hərbi qanunvericiliyin (sosial rifah məsələlərinin) təkmilləşdirilməsi istiqamətində bir sıra təkliflərin hazırlanması və onların Milli Məclisə göndərilməsi.
C.Sümərinli bildirdi ki, layihə çərçivəsində Silahlı Qüvvələrdə sosial təminat məsələlərinə təsir göstərən qanunvericilik aktlarının araşdırılması prosesi aparılıb. Bu prosesdə konstitusiyanın müvafiq müddaları, “Hərbi qulluqcuların statusu haqqında” qanun, “Hərbi xidməd haqqında” qanun, “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” qanun, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, “Əmək pensiyaları haqqında” qanunun hərbi qulluqçulara aid müdəaları, “Veteranlar haqqında” qanun, Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanun, ”Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunlar diqqət mərkəzində olub.
Layihə 6 ay müddətində 2 mərhələdə həyata keçirilib. Birinci mərhələdə sosial rifaha təsir edən hərbi qanunvericilk sənədləri araşdırlacaq və onların öyrənilməsi işi həyata keçirilib. Bu mərhələdə həmçinin geniş mənada hərbi qulluqçuların sosial rifahlarının üstün olduğu qabaqcıl ölkələrin qanunvericilk təşəbbüsləri öyrəniləcək və ortaya çıxarılan fərqlər ekspertlər tərəfindən müzakirəyə çıxarılıb. İkinci mərhələdə layihə çərçivəsində alınmış rəy və təkliflər nəzərə almaqla Azərbaycanda hərbi qanunvericilikdə sosial rifah məsələlərinə yönəlik təkliflər hazırlanıb.
Onun sözlərinə görə, layihə çərçivəsində Rusiya, Türkiyə, ABŞ, Almaniya, Böyük Britaniya Silahlı Qüvvələrinin məvaciblərinin verilmə qaydaları araşdırılıb. “Hesab edirik ki, Azərbaycanda hərbçilərin pul təminatının yeni qayda ilə hesablanmasını nəzərdə tutan xüsusi qanunvericilik aktının qəbul olunmasına ehtiyac var. Bu hesablanmada xidmətin ağırlığı və hərbi qulluqçuların sosial rifahı nəzərə alınmalıdır. Xüsusi olaraq hərbi qulluqçuların məvacibləri və pensiyalar hər dəfə ölkə prezidentinin sərəncam və göstərişi ilə artırılmamalıdır. Bununla bağlı Nazirlər Kabineti çərçivəsində xüsusi mexanizm qəbul olunmalıdır. Mexanizmə görə məvaciblər ölkədəki inflyasiyanın artım səviyyəsinə adekvat olaraq artmalıdır. Hesab edirik ki, müdafiə xərclərinin kəskin artması səbəbindən hərbi qulluqçuların vəzifə və rütbə məvacibləri azı 3 dəfə artırılmalıdır”.
C.Sümərinli bildirdi ki, eyni zamanda bir sıra xidmət növlərinə görə əlavə ödəmələrin həcminin artırılması, xüsusi xidmətkeçmə şəraitinə və sağlamlıq üçün riskli olan xidmətə görə artımın əhəmiyyətli olması vacibdir. Təklif edilən məsələlərdən biri Azərbaycan Silahlı Qüvvələrində məvaciblərin 1, 2 və 3 qat sistem əsasında verilməsidir. Cəbhə xəttində xidmətə görə hərbi qulluqçuların məvacibləri 3 qat olmalıdır. Səngərdə xidmət edən hərbi qulluqçuların vəzifə məvacibləri 3 qat, cəbhə xəttindəki hərbi hissələrdə (səngərlər və ön cəbhə istisna olmaqla) xidmət edənlərin məvacibləri isə 2 qat olaraq hesablanmalıdır. Arxa cəbhədə xidmət edənlərdə isə bu bir qat olmalıdır. Bu sistem ilk öncə Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissələrdə xidmət edən hərbi qulluqçulara şamil olunmalıdır. Digər qoşunlarda, məsələn, Daxili Qoşunlarda və Dövlət Sərhəd Xidmətində xidmət edən hərbi qulluqçular cəbhə xəttində, düşmənlə üz-üzə döyüş tapşırığını yerinə yetirməyə cəlb olunsalar onda onların da məvaciblərinin artırılması qaydalarında yeniliklər edilməlidir.
C.Sümərinli bildirdi ki, əgər Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına keçirsə, onda xidmətin ağırlığının və qeyri-bərabər bölüşdürülməsinin əvəzi maddi qaydada mütləq ödənilməlidir. Bu baxımdan təklif edilən məsələlərdən biri 8 saat iş rejimindən artıq xidmət edən, müxtəlif növ döyüş növbətçiliyi çəkən, təlimlərdə iştirak edən hərbi qulluqçulara müxtəlif ödənişlərin verilməsi ilə bağlıdır. Hərbçilər bazar günləri xidmətlərinə görə də əlavə ödəmə ilə təmin olunmalıdırlar. Hərbi qulluqçulara müxtəlıif kompensasiyaların verilməsi tərəfimizdən təklif olunur.
Hərbi qulluqçuların qida təminatını tənzimləyən qanunlarda müvafiq dəyişiklik həyata keçirilməlidir: Birincisi, hərbi qulluqçuların qida təminatı milliləşdirilməlidir və onun tərkibi hərbçilərin istəyinə uyğun olmalıdır; ikincisi, hərbçilərin qida təminatı üçün ayrılan vəsaitin həcmi artırılmalıdır. Hazırda zabit və gizirlərə aylıq qidalanma üçün ayda 64 manat arasında vəsait verilir. Sözsüz ki günə 2 manata qidalanma mümkün deyil. O baxımdan qida üçün zabitlərə verilən ödəmələrin səviyyəsinin avtomatik nizamlanması (inflyasiyaya, ərzaq səbətinə və artan ehtiyaclara uyğunluq) vacibdir. Təklif edirik ki, zabitlərə verilən aylıq ərzaq pulunun məbləği 250-300 manatadək artırılsın. Eyni zamanda cəbhə xəttində ayrıca qidalanmaq istəyən zabitlərin istəyinə uyğun olaraq onlara ayrıca ərzaq pulu verilsin.
Hərbi qulluqçuların mənzil təminatı Azərbaycan Respublikasının müxtəlif qanunvericilk aktlarında əksini tapan maddələrlə tənzimlənir. Təəssüf ki, bu istiqamətdə xeyli problemlər qalmaqdadır. Hökumətdə bir şeyi dəqiq anlamalıdırlar ki, zabitlərin pulsuz olaraq mənzillə təmin olunmaq hüququ var. Əgər mənzil təminatı işində problemlər varsa onda hərbi qulluqçulara kirayə üçün xidmət yerindən və zabitlərin statusundan asılı olaraq ayda 150-350 manat vəsait verilməlidir. Bu məsələ Müdafiə Nazirliyi tərəfindən də nizamlana bilər. Belə olduqda hərbi strukturun nümayəndələri tərəfindən zabitlər üçün kirayə ev tapılır və aylıq olaraq vəsait ödənilir. Eyni zamanda hərbçilər üçün aşağı faizli ipotrkaya qoşulma imkanları yaradılmalıdır. Amma bu heç də hərbçilərə dövlət tərəfindən pulsuz mənzillərin verilməsinin dayandırılması anlamında olmamalıdır.
Təklif edilən məsələlərdən biri hərbi qulluqçulara tərxis olunan və ehtiyata buraxılan zaman böyük məbləğdə vəsaitin (məvacibinin ən azı 20 qatı) verilməsi ilə bağlıdır. Bu vəsait hərbi qulluqçunun xidmətdən sonrakı həyatını nizamlamağa kömək etməlidir. Pensiyaların miqdarına müntəzəm olaraq parlament tərəfindən baxılmalı və hərbi qulluqçuların maaşlarının artırılmasına və qiymət artımına, inflyasiyaya uyğun olaraq tənzimlənməsi həyata keçirilməlidir. Eyni zamanda tərxis olunan şəxsin bir neçə ilin pensiyasını əvvəlcədən ala bilməsinə imkanlar yaradılmalıdır. Ümumilikdə təklifimiz bundan ibarətdir ki, hərbi pensiyalar sisteminin islahatı haqqında qanun qəbul edilməli və ciddi dəyişikliklər aparılmalıdır.Bununla yanaşı bir sıra qanunvericilk sənədlərində sosial rifaha dair müddəaların dəyişidirilməsi və yeniləndirilməsi təklif olunur.
C.Sümərinli bildirdi ki, layihə çərçivəsində millət vəkili, Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Orucla görüş keçirilib və hazırlanmış təkliflər ona təqdim olunub. Z.Oruc hazırlanmış təklifləri çosmərəli hesab edib və bildirib ki, bu təkliflər qarşıdakı dönəmdə parlamentin gündəminə gətiriləcək.
C.Sümərinlinin sözlərinə görə, bu layihənin icrası Azərbaycanda mövcud olan hərbi qanunvericilk sənədlərində hərbi qulluqçular, onların ailə üzvləri, müharibə veteranları, şəhid ailələri və s. sosial rifahı ilə bağlı məqamların bir sıra hallarda müasir dünya reallığına və eyni zamanda Azərbaycanda son illər kəskin şəkildə artan müdafiə xərclərinə adekvat olması işinə töhfə verəcək; Bu layihənin icrası Azərbaycanda hərbi qanunvericiliyin (sosial rifh məsələlərinin) təkmilləşdirilməsi, Vətəndaş cəmiyyəti tərəfindən alternativ hərbi qanun yaradıcılığı işinin yüksəldilməsi prosesinə dəstək verəcək; Bu layihənin icrası hərbi qanunvericiliyin təkmilləşdirilməsi (sosial rifh məsələlərinin) işi ilə bağlı Güc strukturları – Milli Məclis - Vətəndaş Cəmiyyəti arasında səmərəl əməkdaşlıq formatının yaradılması prosesinə töhfə verəcək.Eyni zamanda C.Sümərinlinin fikrincə, güc strukturlarının bu istiqamətdə fəaliyyəti aktivləşməlidir. Müdafiə Nazirliyində qanunvericilik komissiyası ortaya real nəticələr qoymalıdır.
Layihənin eksperti Yaşar Cəfərli bildirdi ki, layihə çox səmərəli nəticələr ortaya çıxarıb. Onun sözlərinə görə, layihə çərçivəsində həyata keçirilən araşdırmalar Azərbaycanda hərbi qanunvericilkdə ciddi dəyişikliklərin aparıması zəruriliyini ortaya qoyub. “Əldən etdiyimiz məlumatlar ondan ibarətdir ki, bu layihədə qaldıırlan məsələr orduda xidmət edənlər tərəfindən dəstəklənir. Doğurdan da ordunun maddi təminat məsələləri diqqət mərkəzində olmalıdır”, - deyə o bildirdi. Y.Cəfərli qeyd etdi ki, mövcud reallıq onu göstərir ki, Müdafiə Nazirliyinin rəhbərliyi orduda sosial rifahı gücləndiriəcək qanunvericilk təşəbbüslərin ortaya çıxmasına dəstək vermir: “Bizim layihənin gedişində nə Müdafiə Nazirliyindən, nə də digər güc strukturlarından kimsə iştirak etmədi. Baxmayaraq ki, onlara dəvət məktubları göndərilmişdi. Hiss olunur ki, onlar orduda sosial rifahın gücləndirilməsində maraqlı deyillər və bu istiqamətdə qanunvericilik təşəbbüslərinin ortaya çıxmasına dəstək vermirlər”, - deyə o bildirdi.
Y.Cəfərlinin sözlərinə görə, layihənin müsbət cəhətlərindən biri də hərbi ekspertlərlə KİV-i bir araya gətirməsi oldu: “Düşünürəm ki, bundan həm vətəndaş cəmiyyəti, həm də jurnalistlər qazandı. Ümumilikdə isə layihə hərbi sahədə problemləri cəmiyyətin diqqət mərkəzinə gətridi”, - deyə o bildirdi.
Layihənin hüquqşünası Telman Əbilov bildirdi ki, bu gün hərbi qulluqçuların sosial təminatı çox aşağı səviyyədədir: “Maraqlıdır, Müdafiə Nazirliyi hərbi qulluqçuların aldıqları məvaciblər barədə cəmiyyətə açıqlama vermirlər və bunu hərbi sirr hesab edirlər. Amma dünya ölkələrində belə hal yoxdur. Hərbi qulluqçuların maddi təminatı ilə bağlı məsələlər şəffaflaşmalıdır. Onların hansı vəziyyətdə yaşadığı, ağır sosial durumu ictimaiyyətin diqqətində olmalıdır”, - deyən T.Əbilov qeyd etdi ki, bu gün zabitlərə kirayə üçün verilən vəsait çox aşağıdır. Şəhərdə kirayə üçün 47 manat verilir. Bu məbləğlə heç bir yerdə kirayə qalmaq olmaz. Rayonlarda ehtiyatda olanlara ayda 6 manat kirayə pulu verilir ki, bu da biabırçı rəqəmdir”.
Ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev isə bildirdi ki, bu gün Azərbaycan əsgəri mənəvi cəhətdən sındırılmış vəziyyətdədir: “Bu gün əsgəri təmizlik işləri görməyə vadar edirlər, yemək bişirdirlər, natəmiz yerləri təmizlədirlər. Orduda qida təminatı bərbad vəziyyətdədir. Milli qidaya keçid zamanıdır. Məncə qanunların sosial rifah tərəfi bu neqativ halları da əhatə etməlidir” .
Ehtiyatda olan polkovnik-leytenant Pərviz Hacıyevin fikirncə, qanunverici və icraedici hakimiyyətin hərbi sahəyə məsul strukturları və komissiyaları ilə əlaqələr gücləndirilməlidir. “Yalnız belə olan halda səmərəli fəaliyyətdən danışmaq mümkün olacaq”, - deyə o bildirdi. Tədbirdə media və informasiya agentliklərinin nümayəndələri, ekspertlər və hüquqşünaslar iştirak ediblər.
“Doktrina” JHAM informasiya xidməti