2011-ci il 25-28 iyul tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına səfər etmişdir. Səfər 21 dekabr 2009-cu il tarixində Bakıda imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2010-2011-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramı”na uyğun olaraq həyata keçirilmişdir.
Səfərin məqsədi iki ölkə arasında dövlət qulluğu sahəsində əməkdaşlığın daha da genişləndirilməsi və yeni formalarının müəyyənləşdirilməsi məsələlərini müzakirə etməkdən ibarət idi.
Səfər çərçivəsində Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsinin rəhbəri Mehmet Tekinarslanla görüş keçirilmişdir. Görüş zamanı hər iki ölkənin dövlət idarəçiliyi və dövlət qulluğu sahəsində son dəyişiklik və islahatlar barədə fikir mübadiləsi aparılmışdır. Görüşdə dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsi məqsədi ilə hər iki ölkənin müxtəlif dövlət qurumlarını təmsil edən əməkdaşlarından ibarət nümayəndə heyətlərinin növbəti qarşılıqlı səfərlərinin təşkil edilməsi və dövlət idarəçiliyinin aktual məsələləri üzrə birgə tədbirlərin təşkili barədə razılıq əldə edilmişdir.
Nümayəndə heyəti Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını ziyarət etmişdir. Komissiyanın sədri Bəhram Xəlilov böyük öndərin məzarı üstünə gül çələngi qoymuş, xatirə kitabına ürək sözlərini yazmışdır.
Səfər çərçivəsində nümayəndə heyəti Türkiyə və Yaxın Şərq Dövlət İdarəçiliyi İnstitutunun Baş direktoru Eyyup Günay İsbir, Türkiyə Respublikası Gazi Universitetinin Baş katibi Bahtiyar Akyılmaz və Nevşehir valisi Abdurrahman Savaş ilə də görüşlər keçirmişdir.